“AccessBank” onlayn kanallar vasitəsilə satışları artırmaq məqsədilə internet və mobil bankçılığın inkişafına investisiya qoyuluşunu davam etdirəcək. Bu barədə “AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina məlumat verib.
“Hələlik biz filial şəbəkəsinin genişləndirilməsi barədə düşünmürük, lakin, böyük ehtimalla, relokasiyanı (yerin dəyişməsi) nəzərdən keçirəcəyik. Həmçinin biz filialların konseptinin dəyişdirilməsi üzərində işləyəcəyik. Bundan başqa, bank bütün distant kanallarını inkişaf etdirir və bu proses davam edəcək. “AccessBank”ın qarşısında duran əsas məqsədlərdən biri də internet və mobil bankçılığın inkişaf etdirilməsidir. Biz onlayn kanallar vasitəsilə satışları xeyli artırmağı hədəfləyirik”, - deyə o, bankın mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.
Y.Qaşikulinanın sözlərinə görə, bank müştərilərlə kommunikasiyanı gücləndirmək niyyətindədir və bunun üçün ayrıca fokus qrupların yaradılması, sorğuların keçirilməsi, müştəri məmnuniyyətinin ölçülməsi və s. planlaşdırılır.
““AccessBank”ın planlarına həm də 24/7 zonalarının genişləndirilməsi, əsas biznes proseslərinin avtomatlaşdırılması, mobil və internet bankçılığın yenilənməsi, məhsulların və xidmətlərin təkmilləşdirilməsi də daxildir”, - deyə o əlavə edib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin 6 aparıcı bankından biridir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
A.Əzizov