Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci il dövlət büdcəsinin layihəsi II oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Birinci oxunuşdan sonra sənədə dəyişiklik edilməyib.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat (2019-cu illə müqayisədə artım 4,2%), xərcləri 26 milyard 913,7 milyon manat (artım 6,8%), kəsiri 2 milyard 779,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin qiyməti $55 olmaqla hesablanıb (2019-cu il üçün neftin bir barrelinin qiyməti $60-dan hesablanıb).
Gəlirlərin strukturunda 13 milyard 530 milyon manatın (56%) neft sektoru, 10 milyard 604,5 milyon manatın (43,9%) qeyri-neft sektorundan daxilolmalar hesabına təmin edilməsi planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 12% artacağı proqnozlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 875 milyon manat (2019-cu illə müqayisədə artım 7,6%) və ya büdcə gəlirlərinin 32,6%-i, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 milyard manat (artım 8%) və ya gəlirlərin 16,6%-i səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 milyard 350 milyon manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 0,1%) və ya bütün büdcə gəlirlərinin 47%-i səviyyəsində nəzərdə tutulub. Bundan başqa, proqnozlara görə, dövlət büdcəsinin gəlirlərinin 3,5%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, daha 0,3%-i isə sair gəlirlər hesabına təmin olunacaq.
Xərclərin strukturunda 10 milyard 373,7 milyon manat məbləğində vəsaitin (artım 33,5%) sosial məqsədlərə yönəldilməsi planlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin 38,5%-ni təşkil edir.
Proqnozlara görə, 17 milyard 275,9 milyon manat (xərclərin 64,2%-i) cari xərclərin, 7 milyard 809,6 milyon manat (xərclərin 29%-i) əsaslı xərclərin payına düşəcək. Dövlət borcuna xidmət xərcləri 1 milyard 828,2 milyon manat və ya dövlət büdcəsi xərclərinin 6,8%-ni təşkil edəcək. 2019-cu illə müqayisədə dövlət borcuna xidmət xərcləri 21,7% azalacaq.*
Ə.Məmmədov