Azərbaycan hökuməti 2020-ci il dövlət büdcəsinin xərclərini 19 mln. manat azaltmağı planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Bu gün Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsinin layihəsi II oxunuşda qəbul edilib.
“Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 19 milyon manat artması ilə əlaqədar dövlət büdcəsindən NMR-in büdcəsinə ayrılan dotasiyanın azaldılması və dövlət büdcəsi kəsirinin ödənilməsinə yönəldilməsi təklif edilir”, - deyə o, parlamentdə müzakirələr zamanı bildirib.
Nazirin sözlərinə görə, bununla da dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat səviyyəsində qalacaq, xərcləri isə 19 milyon manat - 26 milyard 894,7 milyon manatadək azalacaq.
Ümumilikdə dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat təşkil edəcək.
S.Şərifov qeyd edib ki, ölkənin 2020-ci il üçün icmal büdcəsinin gəlirləri 27 milyard 552 milyon manat, xərcləri 29 milyard 488 milyon manat, kəsiri 1 milyard 936 milyon manat təşkil edəcək.
Nazir onu da deyib ki, deputatların səsləndirdikləri bir sıra məsələ və təkliflərə üçüncü oxunuşa kimi baxılacaq. "Partiyaların maliyyələşdirilməsinə yönəldilən vəsaitin 1 milyon manat, ictimai birliklərin maliyyələşdirilməsinə yönəldilən vəsaitin 900 min manat artırılması ilə bağlı təkliflərə baxılacaq. Həmçinin Milli Məclisin xərclərinin 1,9 milyon manat artırılması da təklif olunur. Bu təkliflər qəbul olunduğu halda büdcəyə müvafiq dəyişiklik ediləcək”, - deyə o əlavə edib.*
Ə.Məmmədov