Azərbaycanda icbari tibbi sığorta (İTS) sistemi 2020-ci ilin IV rübündə tam tətbiq olunacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Daha əvvəl İTS sisteminin Azərbaycanda, o cümlədən də Bakıda 1 yanvar 2020-ci il tarixindən tətbiq olunacağı nəzərdə tutulmuşdu.
"Biz 2020-ci ildə icbari tibbi sığorta sistemini Azərbaycan ərazisində tam tətbiq etməyi planlaşdırırıq. Tətbiq 4 mərhəldə həyata keçiriləcək. Hər bir mərhələ gələn ilin müvafiq rübündə reallaşdırılacaq. İcbari tibbi sığorta I mərhələdə şimal hissəsi üzrə 20 rayon, II mərhələdə qərb bölgəsi üzrə 17 rayon, III mərhələdə cənub bölgəsində 14 rayon, IV mərhələdə isə Bakı vəSumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda tam tətbiq olunacaq”, – deyə o, bu gün parlamentin plenar iclasında “İcbari tibbi sığorta haqqında” Qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.
2020-ci il dövlət büdcəsində icbari tibbi sığorta sisteminin tətbiqi üçün 902,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.*
Ə.Məmmədov