Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında ümumilikdə $82 milyon 255,61 min məbləğində lokomotiv alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $82 milyon 255,61 min məbləğində 14 ədəd dəmir yolu lokomotivi alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə satınalmalar miqdar ifadəsində 2 dəfə, dəyər ifadəsində 11,6 dəfə artıb”, - deyə məlumatda bildirilir.
Lokomotivlər Azərbaycana Fransa və Qazaxıstandan tədarük edilib. Xüsusilə Fransadan $43 milyon 273,69 min dəyərində 8, Qazaxıstandan $38 milyon 981,91 min dəyərində 6 ədəd lokomotiv alınıb.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Litvadan lokomotiv alıb. Ümumilikdə $7 milyon 109,6 min dəyərində 7 ədəd lokomotiv alınıb.
“Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı Bakı-Tbilisi-Qars marşrutu ilə yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq.
Oktyabr ayının sonuna Azərbaycana 10 ədəd sərnişin və 8 ədəd yük lokomotivi gətirilib. Bu ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətindən daha 8 ədəd yük lokomotivi alacaq. Tədarüklə bağlı sifariş 2021-ci ilin sonunadək yerinə yetirilməlidir.*
B.Rüstəmbəyov