31 oktyabr 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 368,2 milyon manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 milyard 502,4 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 6,3% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 75 milyon manat (yanvar-oktyabr aylarında artım 11,4% - İF) təşkil edir.
2019-cu il oktyabr ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 734 milyon manat (artım 16,3%) təşkil edir.
Noyabrın əvvəlinə bankların öhdəlikləri 26 milyard 634,2 milyon manata (artım 4,7%) bərabərdir.
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 572,9 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 2,4 dəfə çoxdur.
Cari ilin yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 milyard 592,3 milyon manat (2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 10,2% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 154,1 milyon manat (artım 14,3%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 576 milyon manat (artım 29,4%) məbləğində olub.
Yanvar-oktyabr aylarında bankların faiz xərcləri 454,1 milyon manat (azalma 7,2%), o cümlədən depozitlər üzrə 309,6 milyon manat (azalma 3,3%), qeyri-faiz xərcləri 942,2 milyon manat (artım 15%) təşkil edib.
Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 723,6 milyon manat (artım 24,4%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 113,2 milyon manat (2018-ci ilin yanvar-oktyabr aylarında 315,4 milyon manat) yönəldib.
Nəticədə 31 oktyabr 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 631,8 milyon manat (2018-ci ilin 10 ayının göstəricisi ilə müqayisədə artım 2,4 dəfə) məbləğində qiymətləndirilir, cari ilin yanvar-oktyabr aylarında mənfəət vergisi üzrə ödənişləri 58,9 milyon manat (artım 2,1 dəfə) təşkil edib.
31 oktyabr 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Oktyabr ayının sonuna bankların 515 filialı və 130 şöbəsi var.
Azərbaycanın bank sektorunda 19,108 min nəfər (2018-ci ilin oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə artım 11%) çalışır.*
A.Əzizov