"SOCAR Petroleum" QSC Azərbaycanda “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 30-a çatdırıb. Bu barədə “SOCAR Petroleum”un məlumatında deyilir.
“Noyabrın 25-də Yevlax-Zaqatala yolu istiqamətində, Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib”, - deyə məlumatda bildirilir.
Məntəqədə 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kolonka quraşdırılıb.
Xəbər verildiyi kimi, "SOCAR Petroleum" QSC 2019-cu ilin sonunadək Azərbaycanda “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını 31-ə çatdırmağı planlaşdırır.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir.*
N.Abbasova