Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu ilin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatının ümumi həcmi 500 milyon tona çatacaq. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən ümumilikdə 500 milyon ton həcmində neft hasilatı ilə bağlıdır. Təbii ki, bu hasilat tempinə bağlıdır, ilin sonu və ya gələn ilin əvvəlində ola bilər. Bu, Əsrin Müqaviləsinin 25 illiyi qədər əhəmiyyəti olan hadisədir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Vitse-prezident qeyd edib ki, 2020-ci il üçün AÇG layihəsinin büdcəsi və iş proqramı artıq təsdiqlənib.
Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür. Cari ilin yanvar-sentyabr aylarında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 148 milyon barrel (20 milyon ton) neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova