Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyasının (CONCOR) nümayəndə heyəti noyabrın 28-də Bakıya gələcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
“Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyasının nümayəndə heyəti noyabrın 28-də ölkəmizə səfər edəcək”, - deyə o, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşdə bildirib.
C.Qurbanov Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu qeyd edib. O, iki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Hindistan və Azərbaycan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur.
“"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması tarixi hadisədir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur”, - deyə ADY sədri diqqətə çatdırıb.
Öz növbəsində, B.Vanlalvavna bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30-40, vaxt baxımından isə 50 faiz qənaətə imkan yaradır.*
B.Rüstəmbəyov