Azərbaycan və Slovakiya turizm, ticarət və energetika sahələrində əməkdaşlıq üçün yaxşı potensiala malikdir. Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov belə hesab edir.
“Azərbaycan Slovakiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Münasibətlərimiz yüksələn xətt ilə inkişaf edir. Zəruri hüquqi baza yaratmışıq. Ticarət, energetika və turizm kimi sahələrdə əmədaşlığın inkişafı üçün potensial var, lakin bunun üçün hüquqi bazanı genişləndirmək lazımdır”, - Həsənov bu gün Slovakiyanın Bakıdakı səfirliyinin açılış mərasimində bildirib.
Öz növbəsində, Slovakiya XİN başçısı Miroslav Layçak qeyd edib ki, ölkəsinin Bakıda səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
“Qarşılıqlı maraq kəsb edən sahələrdə ölkələrimiz arasında daha intensiv əməkdaşlığın olacağını gözləyirəm. Azərbaycanın potensialı barədə məlumatımız olduğundan burada diplomatik nümayəndəlik açmağı qərar aldıq. Əməkdaşlığın inkişafı üçün çox sahələr var – infrastruktur, dəmir yolu, turizm və s.”, - Layçak vurğulayıb. **
Ə.Məmmədov