Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanları hər iki ölkənin dövlət sərhədində “Sərhəd-Sipər” əməliyyatı zamanı müxtəlif cinayətlərin törədilməsinə görə axtarışda olan 69 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilir.
“Sərhəd-Sipər” əməliyyatı noyabrın 18-dən 23-dək keçirilib.
“Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib”, - məlumatda deyilir.
Bildirilir ki, əməliyyat nəticəsində 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara və müxtəlif çaplı patron götürülüb.
Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Azərbaycan DİN vurğulayır ki, belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır. **
B.Rüstəmbəyov