Prezident İlham Əliyev 2019-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində əldən verilmiş fürsətlər ili kimi qiymətləndirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır”, - deyə o, bu gün Slovakiya Respublikasının xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşdə bildirib.
Prezidentin sözlərinə görə, bu il ölkə başçıları səviyyəsində, həmçinin xarici işlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. “Növbəti görüş tezliklə Slovakiyada olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir”, - deyə İ.Əliyev qeyd edib.
O hesab edir ki, bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. “Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər”, - deyə prezident vurğulayıb.*
A.Əzizov