Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilmə tarixi ölkə prezidenti tərəfindən təyin ediləcək. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
“Növbədənkənar parlament seçkilərinin keçirilmə tarixi ölkə prezidenti tərəfindən təyin ediləcək”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Ə.Əhmədovun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlara uyğun olaraq parlament də yenilənməli, müasirləşməlidir.
“Partiya hər zaman həyati vacib məsələlərlə bağlı qərarların qəbul edilməsində iştirak edib. İndi isə qanunverici orqanın yenilənməsinin zəruri olduğunu hesab edirlər", - deyə icra katibi əlavə edib.
O vurğulayıb ki, parlamentin buraxılmasında qeyri-adi heç nə yoxdur. “Bu təcrübə dünyanın müxtəlif ölkələrində istifadə olunur”, - deyə Ə.Əhmədov bildirib.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurası bu gün keçirilən iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlamentə və prezidentə müraciətin ünvanlanmasına yekdilliklə səs verib.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.*
X.Nəsirzadə