2020-ci ilin büdcəsində neftin qiymətinin 55 dollar səviyyəsində nəzərdə tutulması mühafizəkar yanaşmanın göstəircisidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul (Dövlət Neft Fondundan - İF) transfer şəklində büdcəyə gələcək və xərclənəcək”, - Əliyev cümə günü Dövlət Neft Fondunun yeni icraçı direktoru İsrafil Məmmədovu qəbul edərkən bildirib.
Bir barel neftin qiyməti 55 dollar olduğu halda əlavə gəlirlər ARDNF-yə daxil olacaq.
Dövlət başçısı qeyd edib ki, hazırda islahatlar nəticəsində dövlət büdcəsini digər sahələr vasitəsilə təmin etmək imkanı əldə olunub.
“Vergi və gömrük orqanları cari ilin on ayı ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik”, - dövlət başçısı vurğulayıb.
Dövlət büdcəsinin gəlirləri 2019-cu il üçün neftin bir barrelinin qiyməti $60-dan hesablanıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
2019-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri $42 milyard 524,4 milyon səviyyəsində qiymətləndirilir. **
Ə.Məmmədov