2019-cu ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 milyard dollar təşkil edəcək. Bu barədə bu gün fondun icraçı direktoru təyin edilmiş İsrafil Məmmədov məlumat verib.
2018-ci ilin yekunları üzrə fondun aktivləri 38,5 milyard dollar təşkil edib. Beləliklə, 2019-cu ildə ARDNF-in aktivləri 10,4% artacaq.
Prezident İlham Əliyev bu gün İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.
“Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıb. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır”, - deyə dövlət başçısı bildirib.
O, Azərbaycanın valyuta ehtiyatlarının ildən-ilə artacağına əminlik ifadə edib. Hazırda ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. “Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik”, - deyə İ.Əliyev qeyd edib.
İ.Məmmədov əmin edib ki, fondun investisiya portfelinin daha da şaxələndirilməsi və risklərin azaldılması istiqamətində əlindən gələni əsirgəməyəcək. Bu il fondun vəsaiti 10 faiz artıb və ilin axırına 42,5 milyard dollar həcmində gözlənilir.
İ.Əliyev ARDNF-in fəaliyyətinin nəticələrini yüksək qiymətləndirib və gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə fond arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib. “Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq azriskli aktivlərə fikir verməliyik”, - deyə prezident vurğulayıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova