2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 11% - 14 mlrd. 445,8 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 384,9 mln. manat (ilin əvvəlindən azalma 12,6%) və ya bütün kreditlərin 9,6%-ni təşkil edir.
Noyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 425,4 mln. manat (artım 15,36) və ya bütün kreditlərin 16,8%-i, özəl banklar tərəfindən 11 mlrd. 649,6 mln. manat (artım 10,6%) və ya bütün kreditlərin 80,6%-i həcmində kredit verilib. Qalan 370,8 mln. manat (azalma 5,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il noyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 mlrd. 556,8 mln. manat (artım 18,4%) milli valyuta, 4 mlrd. 889 mln. manat (azalma 1,2%) xarici valyuta ilə verilib. Cari ilin noyabr ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 42% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il noyabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 416,3 mln. manat (bütün kreditlərin 17%-i) ticarət və xidmət sahələrinin, 542,3 mln. manat (3,8%) energetika, kimya və təbii sərvətlər sektorunun, 520,8 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 399,8 mln. manat (2,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 904,9 mln. manat (6,4%) sənaye və istehsal sektorunun, 1 mlrd. 164 mln. manat (8,2%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 431 mln. manat (45,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 20,9% artıb.**
B.Rüstəmbəyov