Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Türkiyəyə işgüzar səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Hazırda Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ilə TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində iştirak edir.
Mərasim Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində keçirilir.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
2018-ci ildə TANAP qaz kəməri ilə 916,4 milyon kubmetr qaz nəql edilib. “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanovun sözlərinə görə, 2019-cu ildə kəmərlə 3 milyard kubmetr qaz tədarük olunacağı gözlənilir, 2020-ci ildə tədarükün illik həcmi 6 milyard kubmetr təşkil edəcək.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
Ə.Məmmədov