Armavir şəhərində faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsi sökülüb. Bunu millətlərarası münaqişələr üzrə müətəxəssis Yevgeni Mixaylov deyib.
“Armavirdə Njdeyə lövhə ilə bağlı vəzyyət öz məntiqi sonunu tapdı. Bu, Böyük Vətən müharibəsini xatırlayan və xatirəsinə ehtiramla yanaşan Rusiya və Azərbaycan hökumətlərinin ümumi qələbəsidir”, - Mixaylov Rusiyanın “Yujnoy slujbı novostey” saytına bildirib.
Onun sözlərinə görə, SSRİ uğrunda döyüşlərdə iştirak edən həmvətənləri olan ermənilərə qarşı döyüşən insana xatirə lövhəsinin Rusiyada yeri yoxdur.
Öncə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsinin üstünə qara boya çəkib. Həmçinin, yerli sakinlər xatirə lövhəsinin yığışdırılması ilə bağlı məsələ qaldırıblar.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini Yerevanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb.
İ.Əliyev müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırladıb.
"Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub", - o qeyd edib.
Dövlət başçısı, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə bağlı vəziyyətə dair məruzəsindən sitat gətirib. Məruzədə deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlıq etməsi barədə məlumatlar var. Əliyev xatırladıb ki, Njde sonradan Sovet hakimiyyəti tərəfindən həbs edilib və Vladimir şəhərindəki həbsxanada ölüb.
"Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - İ.Əliyev vurğulayıb.**
A.Əzizov