Milli Məclis bazar ertəsi keçirilən iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı prezidentə müraciətin baxılması məqsədilə redaksiya komissiyası yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Komissiyanın tərkibinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, həmçinin deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir.
Parlamentin spikeri Oqtay Əsədov komissiyaya müraciət üzərində işə başlamağı tapşırıb.
Xəbər verildiyi kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurası bu gün keçirilən iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlamentə və prezidentə müraciətin ünvanlanmasına yekdilliklə səs verib.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
Ə.Məmmədov