Milli Məclis bazar ertəsi keçirilən plenar iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Müraciəti 99 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1 deputat birtərəf qalıb, daha 1 deputat - səsvermədə iştirak etməyib.
Vitse-spiker Bahar Muradovanın oxuduğu müraciətin mətnində deyilir: “Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.
Parlamentin spikeri Oqtay Əsədov səsvermədən sonra bəyan edib ki, dekabrın 3-də parlamentin 2019-cu ildə son plenar iclası keçirilə bilər.
Indi Azərbaycan prezidenti İlham Əliyev ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi elan etməlidir.
Hazırda 125 yerlik parlamentdə hakim partiya mütləq əksəriyyətə malikdir.
Xəbər verildiyi kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurası bu gün keçirilən iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı parlamentə və prezidentə müraciətin ünvanlanmasına yekdilliklə səs verib.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
Ə.Məmmədov