Yaxın günlərdə Azərbaycanda Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanın hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Bu, təbii prosesdir. Keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq”, - Əliyev Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi Dilarə Seyidzadəni qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, gənc kadrlara imkan yaratmaq lazımdır ki, onlar öz bacarığını göstərsinlər.
Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.
Milli Məclis bazar ertəsi keçirilən plenar iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edib.
Müraciəti 99 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1 deputat birtərəf qalıb, daha 1 deputat - səsvermədə iştirak etməyib.
Ötən cümə günü İ.Əliyev Azərbaycan Respublikası Prezident Administrasiyasının yeni strukturunu təsdiq edib. Yeni struktura əsasən, Katiblik, bir neçə şöbə ləğv edilib, o cümlədən, bir neçə yeni şöbə yaradılıb. **
Ə.Məmmədov