Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Sorğuda deyilir ki, Milli Məclisin deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edilib. Qeyd edilən qərar ilə növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.
“Qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının müvafiq bəndini rəhbər tutaraq, xahiş edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul edəsiniz”, - sorğuda qeyd olunur.
Bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə prezidentin sorğusuna dekabrın 4-də baxacaq.
Milli Məclis bazar ertəsi keçirilən plenar iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edib.
Müraciəti 99 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1 deputat birtərəf qalıb, daha 1 deputat - səsvermədə iştirak etməyib.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
Ə.Məmmədov