Ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artımından əldə olunan əlavə gəlirlərin bir hissəsi icbari tibbi sığortanın maliyyələşdirilıməsinə yönəldiləcək. Bunu Vergilər Nazirliyinin vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib.
“Spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artımı ilk növbədə İTS üçün maliyyə mənbəyinin təminatı ilə əlaqədar olub. Bu, bütün dünyada qəbul olunan təcrübədir. Bu qərarın maliyyə dəyərinə gəlincə, gələn il üçün təsdiq olunmuş büdcə dərc olunandan sonra bununla daha ətraflı tanış olmaq mümkündür”, - Musayeva bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, İTS üçün haqlar energetik içkilərin, elektron siqaretlər üşün maye və alkoqollu içkilər (hazırda hər aksiz markası üçün 0,1 manat təklif olunur) və tütün məmumlatlarına (hər aksiz marka üçün 0,05 manat) aksiz markalarının verilməsindən ayrılmalıdır.
Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə düzəlişlərə uyğun olaraq, 2020-ci il yanvarın 1-dən ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisi artır.
İçməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,4 manatadək (artım 2 dəfə) artırılması planlaşdırılır. Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur. Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.
O cümlədən, dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%), energetik içkilərin hər litri üçün aksiz vergisinin 3 manatdan 3,1 manata (3,3%) çatdırılması nəzərdə tutulur.
Öncə İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev bəyan edib ki, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığorta (İTS) sisteminin mərhələli şəkildə tətbiqinə başlanacaq. Bu proses gələn ilin dördüncü rübündə tam başa çatacaq. **
Ə.Məmmədov