Prezident İlham Əliyev Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevruilməsi və bu regiona turist axının artırılması məqsədilə iş həyata keçirməyi tapşırıb.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Hacıqabul Rayon İcra Hakimiyyəti və Naftalan Şəhər İcra Hakimiyyətinin başçılarını qəbul edib.
“Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır”, - prezident görüşdə bildirib.
Onun sözlərinə görə, ilk dəfə Naftalana gələndə şəhərdə infrastruktur yox, sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, “Göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel açıldı. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. “Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa”, - prezident vurğulayıb.
Dövlət başçısı Hacıqabul rayonunda mühüm sənaye potensialın olduğunu bildirib. “Bu məqsədlə Hacıqabul sənaye zonası yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir. Digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir. Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir”, - prezident bildirib.
Əliyev əlavə edib ki, taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner və pambıq yığımından hər hektardan 29 sentner təşkil edib. **
A.Əzizov