Azərbaycanla Qazaxıstan arasında birgə əməkdaşlıq intensiv inkişaf edir. Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
“2018-ci il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində - 191 milyon dollar təşkil edib”, - Quluzadə Qazaxıstan müstəqilliyinin 28-ci ildönümü ilə bağlı səfirliyin təşkil etdiyi rəsmi qəbulda bildirib.
Öz növbəsində, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov qeyd edib ki, Qazaxıstan müstəqilliyinin 28 ili ərzində ölkə iqtisadiyyatına 320 milyard dollardan çox sərmayə yatırılıb.
“Qazaxıstanda reallaşdırılan iri layihələr ölkə iqtisadiyyatını hazırki səviyyəyə qədər inkişaf etdirib”, - Abdıkarimov vurğulayıb.
O qeyd edib ki, iki ölkə uzun müddətli iqtisadi və mədəni münasibətlərlə bağlıdır.
Səfir əlavə edib ki, Qazaxıstan və Azərbaycan regional əhəmiyyət kəsb edən bir sıra layihələrin reallaşdırılmasını planlaşdırır. **
X.Nəsirzadə