Nazirlər Kabineti meyvə-tərəvəz məhsullarının bəzi növlərinin ölkəyə idxalına tətbiq olunan gömrük rüsum dərəcələrinin müddətini 2021-ci ilin dekabr ayının 31-dək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xüsusilə, 15 dekabr 2019-cu il tarixinədək 1 kq pomodor (təzə və ya təmizlənmiş) üçün $0,8, 1 kq soğan və sarımsaq üçün $0,6, 1 kq xiyar və kornişon üçün $0,8, 1 kq qoz-fındıq (qabıqlı və təmizlənmiş) üçün $1,5, 1 kq üzüm üçün $0,4, sidr istehsalı ilə əlaqədar 1 kq təzə alma və armud üçün $0,3, 1 kq xurma üçün $0,3 məbləğində gömrük idxal rüsumu müəyyən edilib.
“Nazirlər Kabinetinin qərarı ilə bu rüsum dərəcələrinin müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb», - hökumətdən bildirilir.
Qərara əsasən meyvə və tərəvəz şirələrinin 1 litri üçün qüvvədə olan, gömrük dəyərinin 15%-i həcmində (0,7 dollardan az olmamaqla) gömrük idxal rüsumunun müddəti 31 dekabr 2021-ci ilədək uzadılıb.
Bundan əlavə, toyuq əti və onun subməhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsum dərəcələrinin müddəti 2021-ci ilin sonunadək uzadılıb. Xüsusilə, 31 dekabr 2021-ci il tarixinədək Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına $1 (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına $100 məbləğində gömrük rüsumu tətbiq ediləcək.
O cümlədən, bir sıra tikinti materiallarının ölkəyə idxalı üçün qüvvədə olan gömrük rüsum dərəcələrinin müddətini 31 dekabr 2021-ci il tarixinədək uzadılıb. Ölkəyə idxal olunan bentonitin 1 kq-ı üçün $0,03, gips və anhidrid, sement klinkeri, süni boyanmış və ya boyanmamış sement, giltorpaq və digər hidravlik sementin 1 kq-ı üçün $0,07, gips və gips məmulatlarının (1 kv.metr üçün $0,4), kərpic və kvars tozundan digər məmulatların (1 kq üçün $0,04) məbləğində gömrük rüsumu tətbiq olunacaq.
“Qeyd olunan dərəcələrin tətbiqi müddəti 15 dekabr 2019-cu il tarixində başa çatırdı. Nazirlər Kabineti rüsum dərəcələrinin tətbiqinin daha 2 il müddətinə uzadılmasına dair qərar qəbul edib”, - hökumətdən vurğulanıb. **
N.Abbasova