Bakı Nəqliyyat Agentliyi şəhərdaxili beş avtobus marşrutu üzrə daşıyıcıların seçiminə dair müsabiqə elan edib. Bu barədə BNA-nın məlumatında deyilir.
Seçim müsabiqə üsulu ilə keçirilir.
Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb”, - məlumatda deyilir.
Müsabiqənin məqsədi bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova