Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Bratislavada erməni həmkarı Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ münaqişəsinin həlli çərivəsində keçirlən danışıqları ciddi və çətin adlandırıb.
"Dünən erməni həmkarımla 3,5 saat müzakirə apardıq. Deyə bilərəm ki, ciddi və çətin danışıqlar oldu. Təəssüf ki, hələ də həll edilməmiş məsələlər qalır", - E.Məmmədyarov cümə axşamı Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak etdiyi görüşdə münaqişənin mərhələli həll yolları müzakirə olunub.
Nazirin sözlərinə görə, münaqişənin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalıb. ”Əlbəttə ki, ilk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılması, erməni silahlı bölmələrinin dərhal, bütövlükdə və şərtsiz BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ bölgəsi və digər işğal olunan ərazilərdən çıxarılmasıdır. Bu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı ikinci addım üçün yaxşı imkan açacaq”, - E. Məmmədyarov qeyd edib. **
A.Əzizov