Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bütün siyasi partiyaları 2020-ci il fevralın 9-da keçiriləcək parlamentə növbədənkənar seçkilərində iştirak etməyə çağırıb.
“Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək, niyyəti məkrlidir", - Əhmədovun cümə axşamı yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, seçkiləri boykot edən partiyalar bununla siyasi partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşırlar.
Eyni zamanda, o əlavə edib ki, son aparılmış sosioloji sorğunun nəticələri müxalifətin reytinqinin aşağı düşməkdə davam etdiyini göstərir.
Öncə bəzi müxalif partiyalar parlamentə növbədənkənar seçkilərdə iştirak etməyi planlaşdırmadıqlarını bəyan ediblər.
Prezident İlham Əliyev cümə axşamı Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və 2020-ci il fevralın 9-da parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Öncə çərşənbə günü Konstitusiya Məhkəməsi Plenum iclasında “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin prezident İlham Əliyevə müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edib.
İclas zamanı qərar barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü ilə qəbul edilib.
Onun sözlərinə görə, bu qərar Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinə uyğundur.
Milli Məclis dekabrın 2-də keçirilən plenar iclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edib.
Vitse-spiker Bahar Muradovanın oxuduğu müraciətin mətnində deyilir: “Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.
Azərbaycan tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi.**
A.Əzizov