Azərbaycan prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Komissiya yaradıb.
Prezidentin Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Energetika naziri Pərviz Şahbazov Komissiyanın sədri təyin olunub.
Komissiyaya daxil olub iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Komissiyaya bir ay müddətində prezidentə layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini, investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini təqdim etmək tapşırılıb.
Bundan başqa, Komissiya beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin 4 ay müddətində hazırlanmasını təmin etməlidir.
Həmçinin Komissiyaya layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb. **
N.Abbasova