Rəsmi Bakı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı işlərin 2-3 il ərzində tamamlanacağına ümid edir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlər uğurla davam edir, noyabrda Moskvada iclas keçirilib, yeni planlar müəyyən etmişik. Son 2-3 il ərzində çox işlər görülüb, RF ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40%-i başa çatıb”, - deyə o, bu gün jurnalistlərə bildirib.
X.Xələfovun sözlərinə görə, bu işlər çərçivəsində tərəflər arasında tam anlaşma mövcuddur. “Demarkasiya prosesini 2-3 il ərzində başa çatdıracağımıza ümid edirik”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının sonuncu iclası noyabrın 27-29-da Moskvada keçirilib. İclasda komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib.*
B.Rüstəmbəyov, A.Əzizov