Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun üçüncü görüşü Moskvada keçiriləcək. Hazırda görüşlə bağlı hazırlıq işləri aparılır. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Üçüncü görüş İranda keçirilməli olsa da, texniki səbəblərdən baş tutmayıb. Bununla əlaqədar növbəti görüş Moskvada keçiriləcək, hazırda bu görüşlə bağlı hazırlıq işləri aparılır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Xəzərin hüquqi statusuna dair Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanıb. Konvensiyanın iştirakçıları Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandır.
Sənəd Xəzər dənizinin istifadəsi ilə bağlı sahilyanı dövlətlərin hüquq və vəzifələrini müəyyən edir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə işçi qrupun birinci görüşü 19-20 fevral tarixlərində Bakıda, ikinci görüşü 16-17 aprel tarixlərində Nur-Sultanda keçirilib. Üçüncü görüş 2019-cu ilin iyul ayında İranda keçirilməli idi.*
B.Rüstəmbəyov, A.Əzizov