Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fəal Yaşlanma İndeksinin hazırlanmasını planlaşdırır (Fəal Yaşlanma İndeksi yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədinə xidmət edir). Bu barədə nazirlikdən məlumat verilir.
İndeks “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihə çərçivəsində hazırlanacaq.
“Həmin İndeksin hazırlanması ilə əlaqədar bu sahədə beynəlxalq ekspert Asgar Zaidi ilə görüş olub”, - nazirlikdən bildirilib.
A.Zaidi Avropa və Cənub-Şərqi Asiyanın 35 ölkəsində fəal yaşlanma indeksinin tətbiq edildiyini bildirib. “Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkədir”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu indeksə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edə bilir, nəticədə “hansı spesifik sahələrin təkmilləşdirilməsi zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsinin müəyyən edilməsi imkanına malik olurlar”. **
X.Nəsirzadə