Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Rusiya ilə münasibətlərin inkişafındakı müsbət dinamikanı qeyd edir.
Azərbaycan-Rusiya münasibətləri bütün istiqamətlərdə müsbət inkişaf edir. 2018-ci ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artıb, 2019-cu ilin 10 ayının yekunları üzrə isə artım 23% təşkil edib”, - deyə Ş.Mustafayev bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında bildirib.
O qeyd edib ki, Azərbaycanda Rusiya kapitalı ilə 950 şirkət fəaliyyət göstərir. "Bu gün Rusiyanın Azərbaycan iqtisadiyyatına sərmayələri $4,9 milyarda çatıb, Azərbaycan isə Rusiya iqtisadiyyatına $1,2 milyard sərmayə qoyub", - deyə baş nazirin müavini əlavə edib.
Ş.Mustafayev deyib ki, bu gün Azərbaycan və Rusiya Federasiyası arasında 2020-2022-ci illər üçün kənd təsərrüfatı sahəsində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq üzrə Yol xəritələri imzalanacaq.
Öz növbəsində, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafından məmnunluq bildirib. Bununla yanaşı, o, Azərbaycandan Rusiyaya tədarük olunan kənd təsərrüfatı məhsullarının “yüksək keyfiyyətli” olduğunu vurğulayıb.
M.Oreşkin, həmçinin nəqliyyat və logistika sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.*
B.Rüstəmbəyov