“PENOPLEKS SPB” MMC Azərbaycanda istilik izolyasiyası lövhələrinin istehsalı müəssisəsinin yaradılmasına $6,5 milyon yatıracaq.
Bu gün Hacıqabul Sənaye Məhəlləsində sözügedən müəssisənin təməli qoyulub. Mərasimdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov iştirak ediblər.
“İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, zavodun ərazisi 7 hektar, illik istehsal gücü 100 min kubmetr təşkil edəcək. Zavodda 78 işçi çalışacaq.
Zavodun məhsullarının əsas satış bazarı Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.
Hacıqabul Sənaye Məhəlləsinin ümumi ərazisi 20 hektar təşkil edir. Hazırda məhəllədə ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları, müxtəlif təyinatlı gübrələr, müxtəlif plastik qablar, balıq yemi polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı ilə bağlı 10 layihə həyata keçirilir. Layihələrin ümumi dəyəri 60,95 milyon manatdır. Bu layihələrin həyata keçirilməsi 936 iş yerinin açılmasına imkan verəcək.*
X.Nəsirzadə