Dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm” istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Müəssisə Pirallahı Sənaye Parkında fəaliyyət göstərir.
Dekabrın 9-da müəssisənin açılış mərasimində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan investorlar üçün şərait yaratmağa müvəffəq olub. “Rusiyanın “R-Farm” şirkəti dərman vasitələrinin istehsalı ilə məşğul olan müasir şirkətdir ki, bu da mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
Hazırda zavodda 300 nəfər çalışır. Gələn il iş yerlərinin sayı artırılacaq.
“Bu zavod hökumətlərarası komissiyanın iclasının necə başa çatmalı olmasının parlaq nümunəsidir”, - deyə M.Oreşkin vurğulayıb.
Daha əvvəl verilən məlumata görə, layihəyə $80 milyona yaxın sərmayə qoyulub.
Müəssisənin təməli 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkının ərazisində qoyulub. Zavodda ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal ediləcək. Ümumilikdə ilkin mərhələdə zavodda 89 adda dərman istehsal olunacaq.
İstehsal ediləcək məhsullar Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.*
B.Rüstəmbəyov