Bakıda “EuroHome” tikinti materialları bazarında yanğın məhdudlaşdırılıb. Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
“Bakıda “EuroHome” tikinti materialları bazarında yanğın məhdudlaşdırılıb. Alov ilə əhatə olunmuş əraziyə bir təyyarə və iki helikopterdən istifadə olunmaqla 50 tona yaxın su sərf olunub”, - Mirzəyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yanğının sönrüdürlməsi zamanı yanğınsöndürənlər su qıtlığı ilə üzləşiblər.
“Yanğının söndürülməsinə FHN-nin 40-dan çox texniki vasitəsi və 250-dən artıq şəxsi heyəti cəlb olunub. İlkin məlumata görə, yanğın 21 min kv.metr sahəni əhatə edeib. Hazırda yanğının səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır”, - nazir müavini əlavə edib.
Öncə məlumat verilib ki, FHN yanğının söndürülməsinə 3 helikopter və Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğın yerinə 5 təcili yardım briqadası gəlib. “2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya, 1 nəfər Travmatologiya və Ortopediya İnstitutuna gətirilib, 6 nəfərə isəyerində yardım göstərilib”, - nazirlikdən qeyd olunub.
Çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. **
B.Rüstəmbəyov