Bakıda "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın söndürülüb. Yanğın bazarda yerləşən mağazaların birində elektrik kabellərində başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verir.
“Bakıda "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub”, - məlumatda qeyd olunur.
Hazırda soyutma işləri davam etdirilir.
Qeyd olunur ki, ilkin hesablamaya əsasən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.
"Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir", - FHN-dən qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğın yerinə 5 təcili yardım briqadası gəlib. “2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya, 1 nəfər Travmatologiya və Ortopediya İnstitutuna gətirilib, 6 nəfərə isəyerində yardım göstərilib”, - nazirlikdən qeyd olunub.
Çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
“EuroHome” MMC 1999-cu ilin iyul ayında dövlət qeydiyyatından keçib. MMC-nin nizamnamə kapitalı 306,548 min manata bərabərdir (cari məzənnə ilə $180,3 min). **
B.Rüstəmbəyov