1,5 min nəfərə yaxın Azərbaycan vətəndaşı terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedib. Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı hesabatda deyilir.
2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.
Tədqiqatda bildirilir ki, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist təşkilatlara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionunlarından olan “döyüşçülərin” (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir.
“Həmin şəxslərdən az sayda terrorçu - 309 şəxs (261 kişi və 48 qadın) Azərbaycana qayıdıb və sanksiyalara məruz qalıb”, - deyə araşdırmada qeyd olunur.
Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.*
B.Rüstəmbəyov