Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Bundan əlavə, 8 nəfərə yerində tibbi yardım göstərilib”, - nazirlikdən qeyd olunub.
Çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Hazırda yanğın söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub İlkin hesablamaya əsasən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.
Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir. **
B.Rüstəmbəyov