Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yanvar-noyabr 4,39 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,86 min və 552 min sərnişin daşıyıb”, - məlumatda bildirilir.
Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 3,8 mln. təşkil edib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 32 aviaşirkət uçuşlar həyata keçirib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min sərnişin), “Aeroflot” (Rusiya, 180 min sərnişin), “AirArabia” (BƏƏ, 155 min sərnişin), “UIA” (Ukrayna, 116 min sərnişin), “Qatar Airways” (Qətər, 97 min sərnişin), “Lufthansa” (Almaniya, 63 min sərnişin) və “SCAT” (Qazaxıstan, 57 min sərnişin) daxil olub.
“2019-cu ilin 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 5,15 mln. nəfər təşkil edib. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 597 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 140 minlik sərnişin axını ilə üçüncü olub”, - məlumatda qeyd olunur.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Öncə aeroportun direktoru Teymur Həsənov məlumat verib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yekunları üzrə təxminən 5 mln. nəfərə xidmət göstərməyi planlaşdırır.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.**
B.Rüstəmbəyov