Azərbaycan və Niderland Bakı-Amsterdam birbaşa aviareysinin açılması barədə danışıqlar aparır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“Azərbaycanda viza sisteminin sadələşdirilməsi Azərbaycana asanlıqla səyahət edə bilən hollandiyalılar tərəfindən xüsusilə qiymətləndirilir. Maastrixt ilə Bakı arasında birbaşa yük reysləri 2016-cı ildən etibarən həyata keçirilir və hazırda Bakı ilə Amsterdam arasında birbaşa sərnişin reyslərinin açılması ilə bağlı danışıqlar aparılır”, - deyə E.Məmmədyarov “Diplomat Magazine” nəşrində dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə “yaxın müttəfiq və etibarlı tərəfdaş” hesab edir. “Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və mövcud əməkdaşlıq üzərində qurulur. Münasibətlər ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələri əhatə edir", - deyə nazir qeyd edib.
E.Məmmədyarovun sözlərinə görə, 2018-ci ildə Niderland ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 181,83 milyon ABŞ dolları təşkil edib ki, bunun da 77,9 milyon dolları Azərbaycan məhsullarının Hollandiyaya ixracının, 103,8 milyon dolları isə Hollandiya məhsullarının Azərbaycana idxalının payına düşüb.
“Hollandiya Azərbaycanın qeyri-neft sektoruna əsas investorlardan biri olmaqda davam edir. Hollandiya şirkətləri logistika, nəqliyyat, ətraf mühitin qorunması və kənd təsərrüfatı sahələrində irimiqyaslı layihələr həyata keçirir. Uğurla həyata keçirilən layihələrdən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının layihələndirilməsi və tikintisini, Abşeron yarımadasındakı göllərin neft məhsulları ilə və urbanizasiya səbəbindən çirklənməsini aradan qaldırmaq üçün ekoloji həllərin təmin olunmasını, Azərbaycanda Hollandiyanın kənd təsərrüfatı sahəsində təcrübəsi və nou-hausuna əsaslanan nümunəvi fermanın inşasını qeyd etmək olar”, - deyə o əlavə edib.
Xarici işlər naziri Azərbaycanın logistika sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. “2019-cu ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndə heyəti Hollandiyaya səfər edib və bu ölkənin bir sıra logistika şirkətləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bakıdan keçməklə Venlodan Çinə ilk sınaq konteyneri də 2019-cu ildə yola salınıb. Həmçinin logistika sahəsində əməkdaşlığı müşahidə etmək üçün Venlo şəhərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəliyinin açılması planlaşdırılır”, - deyə o yazır.
Onun fikrincə, tərəflər əməkdaşlığı genişləndirmək üçün potensiala malikdir. “Yaxın illərdə əsas diqqət müəssisələr arasında işgüzar əməkdaşlığın stimullaşdırılması, ticarət dövriyyəsinin artırılması və iqtisadi layihələrin uğurla reallaşdırılması yolu ilə ikitərəfli münasibətlərdə nəzərəçarpan nəticələrin əldə edilməsinə yönəldiləcək. Beləliklə, Niderlandla qarşılıqlı faydalı əməkdaşlığın inkişafı Azərbaycanın balanslı xarici siyasət paradiqmasına tam uyğundur", - deyə E.Məmmədyarov vurğulayıb.*
A.Əzizov