2020-ci ilin fevral ayında BP şirkətinin yeni baş icraçı direktoru (CEO) vəzifəsinə başlayacaq Bernard Luni Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“Görüşdə (çərşənbə günü Bakıda - İF) B.Luni BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat verib. O, həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulayıb”, - şirkətdən bildiriblər.
Vurğulanıb ki, həmçinin Bernard Luni ilə birlikdə Bakıya gələn il BP-nin baş icraçı direktoru postundan gedəcək Robert Dadli gəlib. “Hazırda Luni Upstream blokunun rəhbəridir və 2020-ci il 5 fevral tarixində Dadlini onun postunda əvəz edərək Direktorlar Şurasının üzvü olacaq”, - BP-dən qeyd olunub.
Dadli 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və 31 mart tarixindən isə təqaüdə çıxacaq.
Dadli 2010-cu ildə BP-nin baş icraçı direktoru təyin oplunub. 2020-ci ilin sentyabr ayında onun 65 yaşı tamam olacaq.
Çərşənbə günü Azərbaycan prezidentinin rəsmi saytında dərc olunan məlumata əsasən, prezident İlham Əliyev R.Dadli ilə görüş keçirib. Eyni zamanda, danışıqların təfərrüatları barədə məlumat verilmir. **
B.Rüstəmbəyov