2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 42,2 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,9% artıb.
Bu dövrdə sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar-noyabr aylarında emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6%, hazır metal məmulatlarının istehsalı 82,4%, tütün məmulatlarının istehsalı 55,7%, içkilərin istehsalı 40%, poliqrafiya məhsullarının istehsalı 39,9%, kompüter, elektron və optik məhsulların istehsalı 37,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 27,3%, kağız və karton istehsalı 23,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1%, qida məhsullarının istehsalı 10,4%, geyim istehsalı 11,5%, elektrik avadanlıqlarının istehsalı 6,8%, maşın və avadanlıqların istehsalı 5,2%, tikinti materiallarının istehsalı 4,4%, elektrik avadanlıqlarının istehsalı 1,3% artıb.
Neft məhsullarının istehsalı 3,7%, sair nəqliyyat vasitələrinin istehsalı 10%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.**
N.Abbasova