Azərbaycan vətəndaşları icbari tibbi sığorta (İTS) çərçivəsində bu və ya digər sığorta olunanın yaşayış yeri üzrə olmayan tibb müəssisələrinə müraciət edə biləcək, lakin bu xidmətlər qismən ödənişli olacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiriŞükür Eyvazov məlumat verib.
“Bəzən insanlar müxtəlif səbəblərdən rayon poliklinikalarına müraciət edə bilmirlər. Əgər iş təcili və təxirəsalınmazdırsa, bu halda sığortalılara tamamilə pulsuz tibbi yardım göstəriləcək. Əgər bu, müayinə və ya stasionar müalicədirsə, bu halda qanunvericiliyə uyğun olaraq birgə maliyyələşmə qaydası tətbiq ediləcək”, - deyə Ş.Eyvazov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat, öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə üçün 5 manat, stasionar xidmət üçün 30 manat ödəməlidirlər. Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq üçün 15 manat ödəməlidirlər. Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır”, - deyə o əlavə edib.
2020-ci il dövlət büdcəsində İTS-in tətbiqi üçün 902,9 mln. manat məbləğində vəsait nəzərdə tutulub.*
Ə.Məmmədov