1 oktyabr 2019-cu il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 1 milyard 188 milyon 581,288 min manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 6,9%.azıur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Üçüncü rübün sonuna İKZF-nin kredit portfeli 963 milyon 528,986 min manat (2019-cu ilin əvvəlindən artım 7,6% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 32 milyon 627,086 min manat (artım 114 dəfə), qiymətli kağızlara sərmayələr 29 milyon 688,071 min manat (azalma 8,8%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.
30 sentyabr 2019-cu il tarixinə fondun öhdəlikləri 538 milyon 390,869 min manat (azalma 27,6%), o cümlədən emissiya edilən qiymətli kağızlar 513 mln. 439,471 min manat (azalma 25,8%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna İKZF-nin kapitalı 650 milyon 106,414 min manata (artım 22,1%), nizamnamə kapitalı 566 mln. manata (artım 21,5%), bölüşdürülməmiş xalis mənfəəti 67 milyon 139,409 min manata bərabərdir.
Yanvar-sentyabr ayları ərzində fondun əməliyyat gəliri 21 mln. 962,083 min manat, vergi ödənilənədək mənfəəti 16 milyon 967,005 min manat təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.**
Ə.Məmmədov