2020-ci ildən etibarən Azərbaycanda qadın sahibkarlığının inkişafı üzrə akselerator proqramı fəaliyyətə başlayacaq. Bu sözləri Azərbaycan Qadın Sahibkarlar Təşkilatının rəhbəri Tatyana Mikayılova "Scale up accelerator for women entrepreneurs" proqramının təqdimatında bildirib.
Onun sözlərinə görə, bu proqram qadın sahibkarların imkanlarının inkişaf etdirilməsinə xidmət edir.
"Kiçik və orta sahibkarlıqla məşğul olan qadın sahibkarlar inkişaf etməli, irəli getməlidirlər. Müəyyən məqamlarda durğunluq yaranır, inkişaf prosesi dayanır. Buna görə vençur investisiyalar, nəinki ölkə daxilində, həm də xaricdən investorların cəlb edilməsi və s. barədə əlavə biliklər tələb olunur”, - deyə T.Mikayılova qeyd edib.
O vurğulayıb ki, proqram bir neçə moduldan ibarət olacaq, "bu, həm də rəqəmsal transformasiyadır, çünki biz rəqəmsal dünyada yaşayırıq və o, yaşamağa adət etdiyimiz dünyadan daha sürətlidir, bu, maliyyə ilə bağlı əvvəllər eşitdiklərimizdən tamamilə fərqlənən yeni biliklər, kommunikasiya, inkişafdır.
Təşkilat rəhbəri əlavə edib ki, proqramda iştirak etmək istəyən qadın sahibkarlar dekabr ayının sonuna qədər abw.az saytında qeydiyyatdan keçə bilərlər. Namizədlərin sayı 15-20 nəfər arasında dəyişəcək.*
X.Nəsirzadə