ABŞ Senatı tərəfindən “erməni soyqırımı” adlanan qətnamənin qəbulu Ağ Ev Administrasiyasının rəsmi siyasətini əks etdirmir. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer deyib.
“Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağləı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq. Lakin bu sənəd Ağ Ev Administrasiyasının rəsmi siyasətinin göstəricisi deyil”, - Litsenberqer cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ və Türkiyə müttəfiqdirlər. “Biz yaxın dost və tərəfdaşlarıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, - səfir əlavə edib.
Öncə cümə axşamı Amerika senatorları Osmanlı imperiyasında “erməni soyqırımı”nın tanınması və pislənməsi ilə bağlı qətnaməni yekdilliklə qəbul ediblər.
Türkiyə XİN bu qətnaməni qınayıb. “ABŞ Senatı tərəfindən “erməni soyqırımı” adlanan qətnamənin qəbul edilməsi – tarixin siyasiləşdirilməsinin biabırçı nümunəsidir”, - Türkiyə XİN-in bəyanatında deyilir. **
X.Nəsirzadə