Azərbaycan prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında mlumat verilir.
Sərəncama əsasən Azərbaycan ərazisində və ölkənin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçiriləcək.
Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılıb.
1990-cı ilin yanvarında respublikanın SSRİ-nin tərkibindən çıxmasına dəstək əlaməti olaraq keçirilən kütləvi nümayişləri güc yolu ilə yatırmaq məqsədilə sovet qoşunlarının Azərbaycana yeridilməsi nəticəsində təkcə Bakıda 130 nəfərdən çox mülki vətəndaş öldürülüb, 600 nəfərdən çox adam yaralanıb, sovet qoşunları şəhərdə çox böyük dağıntılar törədiblər. Bu günə qədər 400 nəfərdən artıq adamın – qadın, qoca və uşağın taleyi məlum deyil. **
B.Rüstəmbəyov