2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2,7 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilir.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2,9 mlrd. təşkil edib. Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında birbaşa xarici investisiyaların həcmi 6,9% azalıb.
Eyni zamanda, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 mlrd. təşkil edib, baxmayaraq ki, cari ilin yanvar-iyun aylarında onların həcmi $1,7 mlrd. olub.
Hesabat dövründə birbaşa xarici investisiyaların 84,2%-i neft-qaz sektorunun payına düşüb.
9 ay ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $421,4 mln. (azalma 23,7%), xüsusi çəkisi 15,8% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətləri xaricdə $1 mlrd. 665,1 mln. (artım 6,6%), o cümlədən neft-qaz sektoruna $879,4 mln. (artım 20,8%), digər sektorlara $785 mln. (azalma 5,8%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə xalis maliyyə aktivləri $590,3 mln. (azalma 5,7 dəfə), öhdəlikləri $250,4 mln. (azalma 3,5 dəfə) təşkil edib. Xalis maliyyə aktivlərinin bu dərəcədə azalması 2019-cu ilin 30 sentyabr tarixinə digər sərmayələrin $1 milyard 373,9 mln. səviyyəsində mənfi qiyməti ilə izah olunur.
2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4,1 mlrd. təşkil edib.**
Ə.Məmmədov